Böyük Britaniyada psixoloqların apardıqları araşdırmalara görə, hətta
beş yaşında olan uşaqlar kliniki depressiyadan və həyəcandan əziyyət
çəkirlər. Ölkədə müalicəyə göndərilən 18 yaşından aşağı şəxslərin sayı
hər il artır. Bununla eyni vaxtda "Prozak" həblərinə yazılan reseptlərin
miqdarı da çoxalır.
Psixoloqlar bu kədərli statistikanın səbəbini xəstə uşaqların
valideynlərinin maliyyə problemlərinin artmasında və valideynlərin
narkotiklərdən istifadəsində görürlər.
Nəticədə 5-16 yaşlı hər on uşaqda kliniki pozuntu aşkar etmək
mümkündür. Onların 50 faizində simptomlar özünü 14 yaşından tez büruzə
verir.
Bəzi uşaqlar cəmi bir neçə aylıq olarkən psixoloqun nəzarəti altına
düşürlər. Ekspertlər buna misal olaraq, 18 ayından son dərəcə həyəcanlı
olduğuna görə müalicə olunan oğlan uşağının əhvalatını göstərirlər. Uşaq
anasının onu tərk edəcəyindən dəhşətli şəkildə qorxur. Onda problemlər
doğulmasından dərhal sonra baş qaldırıb. Həyəcanlılıq oğlanın emosional
partlayışlara meyilli olaraq predmetləri atmasında, əşyaları qırmasında
ifadə olunur.
Hökumət yaxın zamanlarda uşaqlarda psixi pozuntuların müalicəsinə
əlavə 22 milyon funt ayırmağı planlaşdırır. Mütəxəssislərin fikrincə,
məktəblərdə psixoloji yardım sistemi tətbiq etməklə vəziyyəti dəyişmək
mümkündür.