Bu gecə evimdən qovdum gecəni, Yenə gəzdiyimi tapa bilmədim. Bu gecə fikrimdən gəlib keçəni Yoğura bilmədim, yapa bilmədim.
Dedim bu gecədən gül ətri alam, Qatam könlümdəki nəğmə səsinə. Ayın ziyasından nur çətri alam, Tutam bir gözəlin pəncərəsinə.
Mən bir yana çəkdim, ilham bir yana; Gördüm pəncərəmdə dəniz qabardı. Dalğalar fikrimi neft daşlarına Bilmədim heç necə çəkib apardı.
Çoxdan olmamışam burda, eləmi? -- Şerimin nə qədər sözü paslanıb. Gərək iş başında sıxam əlini, Dəniz qəhrəmanı, dəniz aslanı!
Burda hər ürəkdə bir dəniz yatır, Hələ xəbərsizəm dəfinəsindən. Sudan nur göyərir -- buruq boy atır -- Muştuluq Xəzərin xəzinəsindən! Bu yerin ilk özül daşı hünərmiş, Bütün inadları hünər qırıbdır. Bu qara daşlar da maneələrmiş İnsan tapdalayıb, daşlaşdırıbdır.
Gör bura nə böyük ada köçübdür! -- Hər insan qəlbində bir sahil-şəhər. Şair, söz gəmini bu adaya sür, Dalğa yar ömrünün sonuna qədər.