İngiltərənin Birmingem Milli Dəniz Mərkəzindəki bir köpək balığı
yalnız tərəvəzlə qidalanır. "Florence" adlı yırtıcı balığın vegeterian
olmasına səbəb isə onun başına gələn maraqlı hadisədir. Bu barədə bazar
ertəsi Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Mərkəzin əməkdaşları ABŞ-ın Florida ştatından gətirilən köpək
balığının bir müddətdən sonra heç nə yemədiyinə diqqət yetiriblər. Bu
məqsədlə dəniz canlısını müayinə etmək qərarına gəliblər.
Aparılan müayinə zamanı balığın çənəsində qarmaq parçası aşkar
edilib. 2009-cu ildə çənəsindəki paslı qarmaq çıxarıldıqdan sonra köpək
balığı normal bəslənmə tərzini tərk edib.
Ət yeməyi buraxan balıq artıq kələm, kərəviz və kahı kimi tərəvəz məhsulları ilə qidalanır.
Mərkəzin əməkdaşları balığın yaxşı vəziyyətdə qalması üçün ona kələm
yarpaqlarının içində gizlətdikləri balıqları yedizdirirlər.
Mütəxəssislər çənəsindəki qarmaq parçası səbəbindən ət yeyərkən ağrı
hiss etdiyi üçün köpək balığının tərəvəz və daha asan çeynənilən
qidalara üstünlük verdiyini düşünürlər.