Almaniyanın NDR kanalının ötən il yayımladığı "Eurovision 2011" mahnı
müsabiqəsinin final konserti "Ən yaxşı canlı şou" nominasiyasında
"Golden Rose" mükafatına layiq görülüb.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, mükafatın
təqdimetmə mərasimi İsveçrədə keçirilib. Final şousunun aparıcılarından
olan Ştefan Raaba "İnnovasiya Qızılgül" mükafatı təqdim olunub.
NDR-in baş direktoru Luts Marmor deyib ki, "Eurovision" mahnı
müsabiqəsi Avropanın ən böyük televiziya layihəsidir. O, belə beynəlxalq
mükafata layiq görüldüklərinə görə çox şad olduqlarını söyləyib.
Qeyd edək ki, bu mükafata 40 ölkə televiziyasından 400 proqram namizəd göstərilmişdi.
"Eurovision layihəsinin bu cür tanınması və mükafata layiq görülməsi
bizi çox sevindirir. Bu onu göstərir ki, 57 illik tarixinə baxmayaraq,
müsabiqə hələ də populyarlığını itirməyib", - "Eurovision" mahnı
müsabiqəsinin rəhbəri Yan Ola Sand mükafatla bağlı təəssüratlarını
paylaşarkən belə deyib.