Sosial şəbəkənin bir səhminin qiyməti 38,37 dollar təşkil edib
"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılmış
səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37 dollar
təşkil edib. Bu isə səhmlərə qoyulan ilkin qiymətdən cəmi 1 faiz çox
olub. Birjada səhmlər yerləşdirilmə qiymətindən 10,8 faiz daha çox -
yəni 42 dollardan satışa başlayıb. Gün ərzində sosial şəbəkənin qiymətli
kağızlarının dəyəri 38 dollarla 43 dollar arasında dəyişib.
Ekspertlər investorların maraqlarının artması fonunda "Facebook"
səhmlərinin qiymətinin təyin edilməsində kəskin artım gözləsələr də, bu,
baş verməyib. Ancaq "Facebook"un səhmlərinin satışı fəal olub -
birjanın ilk dəqiqələrində 100 milyona yaxın səhm satılıb, bir sutka
ərzində isə 566 milyondan çox qiymətli kağız öz sahibini dəyişib. Bu
göstəriciyə görə, sosial şəbəkə Amerika Birləşmiş Ştatlarında rekorda
imza atıb. Birjaya 421 milyon səhm çıxaran "Facebook"un bütün
səhmlərinin dəyəri isə 105 milyard dollar təşkil edir.