Uzun müddət qadınlar ömrün uzunluğu göstəricilərinə görə lider mövqe
tutublar. Lakin ingilis alimlərinin fikrincə, tezliklə hər şey dəyişəcək
və 2030-cu ildə qadınlarla kişilər arasında statistik fərq itəcək.
Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.
Qeyd etmək lazımdır ki, ömrün uzunluğuna görə qadınlarla kişilər
arasında ən böyük fərq 1970-ci illərdə hiss olunub və 5,7 il təşkil
edib. Hazırda isə kişilərin ömrü sürətlə uzanır. Çox güman ki, siqaret
çəkənlərin sayının azalması formalaşan vəziyyətə qismən təsir göstərib.
Alimləri hazırda 30 yaşı olan şəxslərin nə qədər yaşayacaqları
maraqlandırır. Araşdırma zamanı məlum olub ki, son 20 il ərzində
kişilərin ömrü təxminən altı il uzanıb. Əgər müasir tendensiya qorunub
saxlanarsa, hər iki cinsin nümayəndələri orta hesabla 2030-cu ildə 87
yaşınadək yaşaya biləcəklər.
Alimlərin qənaətincə, kişilər arasında siqaretdən imtina edənlərin
çoxalması və ağciyər xərçənginə mübtəla olan qadınların sayının artması
ilə yanaşı, statistik uçurumun aradan qalxmasının arxasında əmək
şəraitinin daha təhlükəsiz olması durur. Doğrudur, bir çox kişilər
təhlükəli idman növləri ilə məşğul olur və tez-tez bədbəxt hadisələrin
qurbanı olurlar.
Yeri gəlmişkən, yoluxucu xəstəliklər ucbatından adamların onsuz da
ömrünün qısa olduğu tropik Afrika ölkələrində kişilərlə qadınların ömrü
arasında fərq, demək olar ki, nəzərə çarpmır. Onu da qeyd etmək lazımdır
ki, 90-cı illərdə Rusiyada bu fərq 13 il təşkil edib. Alimlərin
fikrincə, bu, ağlasığmaz göstəricidir.