Azərbaycan Prezidenti İlham Əliyev
keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik
ödəmələrin verilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, 1992-ci il 1
yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası
Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "Kapital Bank"
Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət
hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına
və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla,
bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi
birdəfəlik ödəmələr verilsin. "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan
əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları" təsdiq
edilsin (əlavə olunur).
Fərmanla müəyyən edilsin ki,
əmanətçilərə fərdi birdəfəlik ödəmələrin (bundan sonra - birdəfəlik
ödəmələr) verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31
dekabr tarixinədək başa çatdırılır; keçmiş SSRİ Əmanət Bankının
Azərbaycan Respublikası Bankının hüquqi varisi olan "Kapital Bank" Açıq
Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank
hesab edilir.
Nazirlər Kabinetinə 15 gün müddətində:
birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə
baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət
orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi
başa çatanadək fəaliyyətdə olacaq Xüsusi Komissiyanın (bundan sonra -
Xüsusi Komissiya) yaradılmasını təmin etmək; Xüsusi Komissiyanın
fəaliyyət qaydasını təsdiq etmək; birdəfəlik ödəmələrin verilməsi və bu
ödəmələrin verilməsi işinin təşkil edilməsi üçün dövlət büdcəsindən
müvafiq vəsaitlərin ayrılması məsələlərini və bu fərmandan irəli gələn
digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyinə isə birdəfəlik
ödəmələrin dövlət büdcəsindən maliyyələşdirilməsini "Kapital Bank" Açıq
Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi
əsasında həyata keçirmək; birdəfəlik ödəmələrin verilməsi zamanı
əmanətçilərin müraciətləri ilə bağlı operativ tədbirlər görülməsi
məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qaynar xətt
yaradılmasını təmin etmək; birdəfəlik ödəmələrin verilməsi vəziyyətinə
dair məlumatların mütəmadi olaraq kütləvi informasiya vasitələrində
yerləşdirilməsini təmin etmək tapşırılıb.