"NPD DisplaySearch” şirkətində çalışan
analitiklərin 2012-ci ilin birinci rübünün nəticəsinə görə tərtib
etdikləri hesabata əsasən, Amerikanın "Apple” şirkəti mobil fərdi
kompyuterlər bazarında liderdir.
Ekspertlər noutbuk və planşet bazarını da
təhlil ediblər. Təhlilə əsasən, Kaliforniya nəhənginin bu bazardakı
payı 22,5 faiz təşkil edib. "Apple” korporasiyası 2012-ci ilin
yanvar-mart ayları ərzində 17.2 milyon "iPad” və "MacBook” qurğusu
tədarük edərək keçənilki göstəricini 118 faiz ötüb.
Mobil fərdi kompyuter tədarüklərinin
həcminə görə ikinci yerdə 11.6 faiz göstərici ilə "Hewlett-Packard” (HP)
qərarlaşıb. Tayvanın "Acer” şirkəti (9 faiz) üçüncü olub. İlk beşlikdə,
həmçinin "Lenovo” (5,5 faiz və 5,9 milyon sistem) və "Dell” (7,3% və
5,6 milyon) şirkətləri yerləşiblər.
Qeyd edim ki, "HP” şirkəti 16.2 faiz
göstərici ilə noutbuk bazarında liderliyini qoruyub saxlayıb. Sonrakı
yerlər belədir: "Acer”, "Lenovo”, "Dell” və "ASUS”.
Planşet seqmentinə gəlincə, "Apple”
korporasiyası (62,8%) liderliyini qoruyub saxlayır. "NPD DisplaySearch”
tədqiqat şirkətinin hesablamasına görə, planşet seqmentində ikinci yerdə
Cənubi Koreyanın "Samsung Electronics” şirkəti, üçüncü yerdə isə
"Amazon” internet-şirkəti qərarlaşıb.