"Qadının göz yaşlarına heç bir kişi biganə qala bilmir".
"Sevgilim ağlayanda nə edəcəyimi bilmirəm. Çox vaxt onu sakitləşdirmək
istəyərkən əksinə olur. Sonda isə dava edirik. Mənim fikrimcə, qadınları
sakitləşdirmək olduqca çətindir", - 22 yaşlı həmsöhbətim Nurfəs Əkbərov deyir.
Yəqin
ki, bəylərimizin əksəriyyəti qadının göz yaşları qarşısında özünü
olduqca aciz hiss edir. Lakin bir qadını ağlayarkən sakitləşdirib, onun
qəlbini ələ almaq heç də çətin deyil. Sadəcə, bəzi nüansları bilmək
kifayətdir.
Niyə kişilər biganə qalmırlar?
Qadının
göz yaşları fərqli deyil: o da sudan, duzdan və zülaldan ibarətdir.
Buna baxmayaraq, heç bir kişi qadının göz yaşlarına biganə qala bilmir.
Bunun səbəblərini isə Milli.Az-a psixoloqlar DəyanətRzayev və Sevinc Allahyarova açıqladılar.
"Hər
bir kişi qadın göz yaşları qarşısında özünü aciz hiss edir. Bəzən
kişilər qadının ağladığını görüb qorxurlar. Bu isə onunla bağlıdır ki,
onlar ağlayan bir qadını necə sakitləşdirməyin yolunu bilmirlər.
Əslində, kişilər göründükləri qədər güclü deyillər. Hər bir kişinin
içində uşaq var", - bu, psixoloq Sevinc Allahyarovanın fikridir.
Sual verməyin!
Psixoloq
Dəyanət Rzayev deyir ki, qadın ağlayarkən ona çox sual verməyin. Çünki
əks halda qadının göz yaşları daha da şiddətlənir. Və o artıq onun göz
yaşlarının səbəbkarı kimi sizi görür. Sadəcə, sakit bir şəkildə ondan
göz yaşlarının səbəbini soruşmağa cəhd edin. "Özünü ələ al" kimi
sözləri, çalışın, ümumiyyətlə dilə gətirməyəsiniz. Çünki daha da çox
əsəbləşə bilər. Və siz bərk dava edə bilərsiz. Sadəcə, onu
sakitləşdirməyə çalışın. Bunun üçünsə qadını qucaqlayıb, ona yaxşı
sözlər demək kifayətdir.
Bəzən bəylərimiz qadının ağladığını
görüb onu sakitləşdirmək üçün zarafat etməyə başlayırlar. Əslində, bu,
sakitləşdirmək məqsədilə edilsə də, hər qadın bunu düzgün başa düşməyə
bilər. Və nəticədə onun qəzəbini daha da şiddətləndirə bilərsiz.
Seriallara baxıb ağlayan qadın...
Yəqin
ki, çoxunuza seriala baxıb ağlayan qadın səhnəsi məlumdur? Bu, bir
çoxumuz üçün gülməli olsa da, dünyada elə bir qadın tapılmaz ki, kinoya
baxarkən ən azı bir dəfə də olsun, ağlamasın.
"Bu səbəbdən də bu
cür göz yaşlarını tam normal qəbul etmək lazımdır. Çünki bu xüsusiyyət
hər bir qadına məxsusdur. Qadını sakitləşdirə biləcək ən yaxşı cəhd,
onun kədərilə dərindən maraqlanmaqdır. O sizin həqiqi marağınızı hiss
etsə, sakitləşəcək. Çalışın, qadın ağlayarkən onu necə çox sevdiyinizi
deyəsiniz. Əgər siz çoxdandır, sevdiyiniz qadına yetərincə vaxt
ayırmırsınızsa, çalışın, onunla daha çox vaxt keçirəsiniz. Çünki ola
bilər ki, onun göz yaşları sizin diqqətinizi çəkmək üçün bir vasitədir",
- D.Rzayev dedi.
Qadın ağlayanda nə etmək lazım deyil?
"İlk
növbədə çox sual verməyin. Və günahkar axtarmayın. Əks halda, söhbətin
sonunda günahkar siz ola bilərsiz. Nəsə deməmişdən öncə yaxşı
fikirləşin. Çünki o an hər bir sözün mənası var. Qadını ağlayarkən
sakitləşdirmək istəyirsinizsə, ona çoxlu vədlər verməyin. Hələ edə
bilməyəcəkləriniz vədlərdirsə, ümumiyyətlə heç nə deməməyiniz
məsləhətdir. Çünki sonra bu söhbət ikiniz üçün də xoşagəlməz bir halda
qurtara bilər.
"Ağlağansan" kimi ifadələr işlədib, onu nədəsə
günahlandırmayın. Bu həm mənasızdır, həm də qadının daha da çox
ağlamasına səbəb ola bilər. Elə vaxt ola bilər ki, qadın sadəcə ürəyini
boşaltmaq istəyir. Bu səbəbdən də ağlamağına mane olmayın. Qoy ürəyini
boşaltsın. Unutmayın ki, qadın ancaq özünə yaxın bildiyi şəxsin yanında
ürəklə ağlaya bilər...