Həlqəvi Günəş tutulmasının ardınca Venera keçidi və qismən Ay tutulması olacaq Mayın 20-də dünya vaxtilə 20:56-da həlqəvi günəş
tutulması baş verəcək. Hadisəni Lent.az-a şərh edən astrofizik Cəsarət
Əliyev bildirib ki, Ayın bucaq ölçüləri indiki halında Günəşin bucaq
ölçülərindən kiçik olduğu üçün o, Günəşi tam örtmür və həlqəvi tutulma
baş verir: "Bu o deməkdi ki, Ay Günəş diskində tam oturduqda onun
örtmədiyi hissə qara fonda işıqlı həlqə kimi görünür. Tutulma bir neçə
saat davam edərək mayın 21-də gecə saat 2:49-da bitəcək. Yer səthində
tutulma zolağı Günəş doğanda Çin, Doğu Rusiya və Yaponiya torpaqlarını,
Günəş batanda isə ABŞ və Kanada ərazilərini örtdüyündən Azərbaycanda
görünməyəcək (şəkil 1). Tam həlqəvi tutulmanın hansı ərazilərdən keçməsi
şəkil 1-də qırmızı nöqtənin hərəkəti ilə göstərilir”.
C.Əliyev bildirib ki, Günəş tutulması mexaniki-optik hadisədi və ona
görə də yalnız gündüz baş verdikdə xəbərsiz insanlarda, və həmçinin
canlılarda qorxu hissi yaradır. Hər hansı başqa fiziki olaylar baş
vermir.
Bunun ardınca isə iyunun 4-də qismən ay tutulması baş verəcək.
Daha bir maraqlı olay isə iyunun 5-6-da Veneranın günəş diskindən
keçməsidir. Astrofizik deyir ki, Veneranın ölçüləri Günəşin ölçülərindən
çox-çox kiçik olduğundan o, günəş səthində qara ləkə kimi görünür: "Bu
olay bəzən bir neçə ildən bir, məsələn bundan öncə 2004-cü il iyunun
8-də baş vermişdi, bəzən isə 100 ildə bir baş verir. Məsələn, sonrakı
2117-ci il dekabrın 11-də olacaq. Yəqin ki, səbirsiz oxucularınız
2117-ci ili oturub gözləmək istəməyəcəklər. Onlar olaya elə indi də
aşağıdakı şəkillərdə baxa bilərlər.
Oxucular şəkillərdə Yer kürəsinin fərqli bölgələrində günəş tutulmasını və Veneranın günəş səthindən keçidini görə bilərlər”.
Lent.az Azərbaycanda yaradılan, hələ ki analoqu olmayan üç ölçülü,
rəngli və real hərəkəti təsvir edən animasiyalarla ingilis astronomları
tərəfindən yaradılan qrafik ağ-qara iki ölçülü şəkillərin müqayisəsini
oxucuların ixtiyarına buraxır.