Sarımsağın tərkibindəki birləşmə "campylobacter" adlanan və
zəhərlənmə əmələ gətirən geniş yayılmış bakteriyalarla antibiotiklərin
iki tipindən 100 dəfə daha səmərəli mübarizə aparır. Alimlərin fikrincə,
bu kəşf qida zəhərlənmələrinin müalicəsində yeni qapı aça bilər. Bu
barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
"Campylobacter" bakteriyasına quş ətinin həm üzərində, həm də özündə
rast gəlmək olar. Vaşinqton Dövlət Universitetinin əməkdaşları müəyyən
ediblər ki, sarımsaqdan ayrılan dialil sulfid adlı maddə bakteriyaların
koloniyalarını xarici mühitdən qoruyan qoruyucu nazik pərdənin arasından
keçməyə qadirdir.
Laboratoriya mühitində dialil sulfid özünü eritromisin və
tsiprofloksasindən 100 dəfə yaxşı göstərib. Bu çox heyranedici
nəticədir. Çünkü bu, ətrafızmızdakı bakteriyaların və qidaların səbəb
olduqları zəhərlənmələrin qarşısını almaq potensialını göstərir.
Qeyd edək ki, "campylobacter" ABŞ-da və dünyada nisbətən geniş
yayılmış xəstəliyə səbəb olan bakteriyadır. İnfeksiyanın simptomları bir
qayda olaraq özünü ürəkbulanma, qusma, qarında ağrılar və hərarətin
yüksəlməsi şəklində büruzə verir.