Birinci rübün yekunlarına görə dünyada ən iri avtomobil şirkəti Toyota olub. Yaponlar ümumilikdə 2 mln 490 min avtomobil satmağa müvəffəq ola biliblər (bura Toyota, Lexus, Scion, Hino və Daihatsu kimi həm yüngül, həm də yük maşınları daxildir). Bununla belə Toyota ilə General Motors və Volkswagen AG şirkətləri arasında fərq o qədər də böyük deyil – GM 2 mln 280 min, almanlar isə 2 mln 16 min avtomobil satıblar.
Bu barədə Bloomberg agentliyi xəbər verir.
Buna baxmayaraq Toyota şirkətinin irəli çıxması rəmzi məna daşıyır – bu fakt onu göstərir ki, Yaponiya avtomobil sənayesi dağıdıcı zəlzələ və sunamidən sonra dirçəlməkdədir. Axı keçən il Toyota nəinki GM, həm də Volkswagen AG şirkətlərini özündən irəli buraxaraq ümumiyyətlə üçüncü yerə yuvarlanmışdı. Lakin 2012-ci il Toyota üçün uğurlu olacağını vəd edir- yaponlar bazara bir sıra yeni modellər çıxarmış, istehsalı bərpa etmiş, öz avtomobillərinin keyfiyyətini yaxşılaşdırmaq üçün çox çalışmışlar. Nəticədə birinci rübün nəticələrinə görə şirkətin satışları birdən-birə 18% artıb.
|