"Orqanların tərsinə yerləşməsi heç də qorxulu vəziyyət deyil”
Adam
təngnəfəs olanda, qacanda ürəyinin döyüntülərini eşidir. Dəqiq bilir
ki, bədənin sol tərəfində, yuxarıda tələsən nəsə var. Bəzən, vərdişdən
olur, ya necəsə əlini tez həmin nahiyyəyə qoyur. Xüsusən də, üzdən iraq
ürəklə bağlı problemləri olanlar, bu vərdişlərindən tez-tez istifadə
edirlər. Amma etiraf edək ki, elələri də var ki, heç ömrünün sonuna
qədər ürəyinin yerini bilməyə ehtiyac duymur. Burada o kəsin bir az da
həyata baxışı, laqeydliyi, biganəliyi rol oynayır . Axı xalq dilində
desək, dərd çəkməyi bilməyən, fikir etməyənin ürəyində ( irsi xəstəlik
olmasa) necə ağrı, narahatçılıq ola bilər? Amma dünyada ilahinin
yaratdığı elə insanlar da var ki, onların ürəyi adət etdiyimiz yerdə
olmur. Ürək solda yox, sağda yerləşir. Bəzən bu insanlar həyatının
hansısa anında bundan xəbər tuturlar. Qəribə də olsa, təəccüblənərək
özlərini nadir hesab etməli olurlar. Tibbdə bu vəziyyət qeyri-normal,
anomaliya kimi qiymətləndirir və elmi dildə dekstrokardiya adlandırılır.
Bu barədə daha sonra.
"Ay bala tərsinə dayanma”
Mövzunun qəhrəmanı Bəhlul Əsgərov adlı gənc belə nadir insanlardandır.
Hazırda 29 yaşında olan Bəhlul özünü nadir hesab etməsə də, hamı kimi
olmadığını deyir. Hər halda belə insanlar ətrafımızda az –az ortaya
çıxır. Bəhlul vəziyyəti barədə yalnız səkkiz yaşında bilib.
Dekstrokardiya vəziyyəti anadangəlmə olur. Amma səkkiz yaşına qədər hər
hansı problemlə qarşılaşmadığından, sağlamlıqla bağlı ciddi şikayəti
olmadığından xəbərsiz olub. Amma məktəbdə, idman dərsində qaçmaqdan bir
təhər olan Bəhlul validenlərinə "ürəyim bu tərəfdə döyünür”-, deyib.
Əlbəttə ki, ana-ata da buna inanmayıb və onun döş nahiyəsində vəziyyəti
yoxladıqdan sonra təəccübləniblər, həkim-kardioloqa müraciət etmək
qərarına gəliblər. Həqiqətən də, rentgen müayinəsindən sonra səkkiz
yaşlı uşağın ürəyinin sag tərəfdə yerləşdiyi tibbi şəkildə təsdiqlənib.
Onun həm də qaraciyəri də yerdəyişmə edib. Qaraciyər sağ əvəzinə solda
yerləşir. Bəhlulun bu diaqnozu dəqiqləşdirildikdən sonra həkim
nəzarətində qalmalı olub. O yadında qalan gülməli bir məqamı yadına
salır: "Müayinəyə getmişdim, rentgenoloq mənə hirsləndi ki, ay bala
tərsinə dayanma, düz dayan şəklini çəkim”. Amma o da həqiqəti biləndə
təəccübünü gizlətmədi. Mən bir müddət həkim nəzarətində qaldım. Çünki,
çox az hallarda belə orqan yerdəyişməsinə malik insanlar həyatı boyu
problemsiz yaşayır. Bəhlulun sözlərinə görə, o, bir müddət əvvəl
revmakardit diaqnozu ilə müalicə alıb. Sonuncu dəfə səkkiz il əvvəl
həkim qəbulunda olan müsahibim hazırda özünü yaxşı hiss etdiyini
bildirir. Bəhlul "Allah məni belə yaradıb, neyləyim”, deyir.
Bəxtiyar Vahabzadənin də ürəyi sağda idi
Tibbi nəzəriyyədə dekstrokardiya, yunancadan "sağ ürək” kimi tərcümə
olunur. Ürək sanki sinədə "güzgüdə əksi” kimi yerləşir. Bu barədə ilkin
təsvir və fikirlər hələ 1643-cü ildə insan anatomiyasını araşdıran Marko
Aurelio Severino tərəfindən yürüdülüb. Bir qisim mütəxəsislərə görə, bu
hal on mində bir, digər qisminin araşdırmasına görə isə, yüz mində bir
insanda rast gəlinir. Dekstrokardiyanı elektrokardioqrammada da müəyyən
etmək olar. Dekstokardiyanın formaları var. Ola bilər ki orqanda yalnız
ürəyin yeri dəyişmiş olsun. Bəzən ürəklə yanaşı, diğər orqanlar
qaraciyər, dalaq, mədə, bağırsaqda appendiks çıxıntısı da əks
vəziyyətdə, insanının orqanlarının xəritəsinə uygun olmayaraq tərsinə
yerləşir. Bu orqan yerdəyişməsinə tibbdə dekstrokardia situs invertus
deyirlər. Bu vəziyyət doğuşdan olur. Anadangəlmə anomaliya hesab olunsa
belə, müasir tibb bunun insan üçün heç bir həyati risk daşımadığını
xəbərdar edir. Çox vaxt bu vəziyyətdən illər boyu xəbərsiz olaraq
yaşayanlar da var. Misal üçün, ötən il Türkiyənin əyalətlərinin birində
yaşlı kişi yalnız 64 yaşında ürəyinin sağda yerləşdiyini bilib. Başqa
orqanının əməliyyatına hazırlaşan xəstə bundan həkimlərin ürəyini
müayinə edərkən xəbər tutub.
Dekstokardiya ilə bağlı həkimlər xəstələrinin narahat olmamasını
məsləhət görürlər. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun həkimi Sevinc Quliyevanın sözlərinə görə, söhbət gedən
vəziyyət irsi xüsusiyyət daşımır. Sadəcə, bu vaxta qədər də tam məlum
olmayan səbəblərdən körpələr bu anomaliya ilə doğulurlar. Kardioloqun
fikrincə, belə insanların müalicəsinə ehtiyac varsa, bunu yalnız
mütəxəsislər həyata keçirməlidirlər.
Mövzunun eksperti tibb elmləri namizədi, kardioloq Firdovsi İbrahimov
sıxlıqla olmasa da belə xəstələrinin olduğunu bildirir. Həkimin
sözlərinə görə, ürəyini sağda daşıyan insanlarda bəzən heç bir problem
olmur. Sadəcə, onların xəbərdar olması vacib sayılır. "Elə insanlar da
var ki, orqan yerdəyişməsindən problemlər yaşayır. Ürəyin sağda
yerləşməsi qan-damar xəstəliklərinin və diğər patalogiyaların
yaranmasına yol aça bilər. Belə insanların vaxtaşırı müalicəsi gərəkdir.
Hətta buna qeyri-normal hal kimi baxmaq da lazım deyil. Misal üçün,
böyük xalq şairimiz, ölməz sənətkar Bəxtiyar Vahabzadənin də ürəyi sağda
idi, amma o 83 yaşına qədər yaşadı, xalqına xidmət etdi. Deyirlər ki,
bu qüsura görə, oğlanlar hərbi xidmətə də getməməlidirlər. Doğru fikir
deyil, bu halda hər kim tam sağlamdırsa, normal həyatına davam edə
bilər.” Həkimin sözünə qüvvət, hərbi xidmətə getmək üçün sadəcə ürəkli,
cəsur olmaq lazımdır.
Bəs anadangəlmə bu vəziyyəti doğuşdan qabaq ultrasəs müayinəsi (daha
dəqiq metod olan dopler müayinəsi) vasitəsiylə bimək olarmı? Firdovsi
həkimin fikrincə, buna tibbdə artıq böyük qüsur baxılmadığı üçün müəyyən
edildikdə də qorxmaq lazım deyil. "Ən əvvəl yenə də hər həkim bunu
müəyyən edə bilməz, əgər bu hal ortaya çıxsa belə körpənin ürək qüsuru
yoxdursa, onun doğulmasında problem olmamalıdır. Körpənin gələcək
həyatında da bunu dərd etməyə dəyməz. ”
Belə insanlar qeydiyyata alınmalıdır
Dünyanın bir neçə ölkəsində dekstrokardiyalı şəxslər hər hansı qurumda
qeydiyyata düşür. Məsəl üçün, qonşu Türkiyədə Sakin Uzun adlı şəxsin
özünün və həkimin dekstrokardiyasından xəbərsiz olması bir çox problemin
meydana gəlməsinə səbəb olub. Çətin vəziyyətə düşən bu vətəndaş ötən il
Türkiyədə ilk dəfə dekstokardiyalı insanların dərnəyini yaradıb. Onun
məqsədi belə insanların ortaq vəziyyətinin və qeydiyyatının
rəsmiləşdirilməsini təmin etməkdir. Dərnəyə tanınmış kardioloq,
professor Sahi Taşçıoğlu da dəstək verib. Mütəxəsisin fikrincə,
qeydiyyat məsələsi dekstrokardiyalı insanların gələcək həyatında hər
hansı ilkin tibbi yardımda, müdaxilədə həkimlərin işini də asanlaşdırar.
Çünkü orqanların tərsinə yerləşməsini ən azı xəstə üzü bilməlidir. Bu
barədə həkiminə bildirməli və mütəmadi müayinə olunmalıdır. Belə halda
həmin insanın həyatı risk daşıması ehtimalı da xeyli azalar.
Bütün hallarda ürəyimizin yerini bilək və hər işdə ürəkli olaq!