Ana səhifə » 2012 » May » 12 » Mehriban Əliyeva: Mən əminəm ki, Bakıda “Eurovision-2012” unudulmaz bir bayrama çevriləcək
00:36
Mehriban Əliyeva: Mən əminəm ki, Bakıda “Eurovision-2012” unudulmaz bir bayrama çevriləcək
Cümə axşamı günü Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin
anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin
quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınmışdır.
Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada
mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir.
Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə
Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində
Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə
iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin
olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin
inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı,
ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu
mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini
göstərir. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olundu.
Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən
tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə
çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.
Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirildi.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən
bəhs edən videoçarx nümayiş olundu. Mərasimdə Heydər Əliyev Fondunun
Prezidenti Mehriban Əliyeva çıxış etdi.
Qonaqları səmimi qəlbdən salamlayan birinci xanım onları Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbrik etdi.
"Bu gün qapılarını açan bu möhtəşəm memarlıq əsəri böyük insan, dahi
şəxsiyyət Heydər Əliyevin unudulmaz xatirəsini yaşadan bir abidədir.
Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət
etmişdir. Müasir Azərbaycanın tarixinin bütün səhifələrində, istər
iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun
silinməz izlərini görürük. Ölkəmizin bugünkü uğurları, bugünkü
nailiyyətləri, müstəqilliyimizin güclənməsi Heydər Əliyev yolunun,
Heydər Əliyev azərbaycançılıq ideyasının davamıdır.
Heydər Əliyevin adını daşıyan Fond fəaliyyətə başlayan ilk anlarından
daşıdığı yüksək ada layiq olmağa, xalqımıza və ölkəmizə xidmət etməyə,
Azərbaycanı dünyada layiqincə təmsil etməyə, humanizm və insansevərlik
ideallarına arxalanmağa çalışıb. Bu 8 il ərzində Fond ölkəmizin ictimai
həyatının demək olar ki, bütün sahələrində fəal iştirak edib. Fond öz
işləri, öz konkret layihələri ilə hər zaman adi insanların maraqlarını
qorumaqla, köməyə ehtiyacı olana kömək etməklə həm Azərbaycanda, həm
ölkəmizdən kənarda hörmət və etimad qazanıb.
Ötən il də Fond tərəfindən bir sıra vacib işlər həyata keçirilib.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci
ildönümü münasibətilə Fransa, Rusiya, Almaniya, İtaliya və Vatikanda
geniş tədbirlər keçirilib və beynəlxalq ictimaiyyətin diqqəti bir daha
Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə yönəldilmişdir.
Fondun dəstəyi ilə İngiltərədə və Fransada baş tutmuş, Almaniyada və
İtaliyada keçirilməsi nəzərdə tutulmuş "Bakıya uçuş: Müasir Azərbaycan
İncəsənəti" sərgisi Azərbaycan rəssamlarının beynəlxalq miqyasda
tanıdılması üçün yeni imkanlar yaradır", - Mehriban Əliyeva bildirib.
Onun sözlərinə görə, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində Fondun dəstəyi ilə ölkəmizdə məktəblərin, internatların,
uşaq evlərinin, bağçaların təmiri və bərpası davam edir.
"Xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim Fondun diqqət mərkəzindədir.
Biz humanitar sahədə fəaliyyətimizi genişləndiririk. Sirr deyil ki,
müasir dünyada humanitar əməkdaşlıq mövcud problemlərin, münaqişələrin
aradan qaldırılmasında, müxtəlif xalqlar arasında qarşılıqlı hörmət və
anlaşma yaradılmasında ən vacib vasitələrdən biridir. Məhz buna görə də
Fond ötən il bu sahədə bir çox vacib işlər həyata keçirib. Luvr
Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin
qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının
bərpasında, Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan
qaldırılmasında, Afrika "İrs" məktəbinin yaradılmasında Fond çox fəal
iştirak edib.
Fond ilk illərdən bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən BMT,
UNESCO, İSESCO ilə çox sıx və uğurlu əməkdaşlıq qurub. Bu gün qeyd etmək
istəyirəm ki, bizim birgə layihələrimiz həm Azərbaycanda, həm xaricdə
uğurla həyata keçirilir", - birinci xanım deyib.
Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondunun yeni ideyaları vardır.
"Qarşımızda yeni məqsədlər durur və mən ümidvaram ki, gələcəkdə də bizim
bütün planlarımız həyatda öz reallığını tapacaqdır. Mən bu gün Fondla
əməkdaşlıq edən, layihələrdə iştirak edən, bizdən öz dəstəyini
əsirgəməyən hər bir kəsə, hər bir təşkilata dərin minnətdarlığımı
çatdırıram.
Bu günlər biz hamımız paytaxtımızda keçirilən "Eurovision-2012" mahnı
müsabiqəsinin rəsmi başlanmasını gözləyirik. Biz Heydər Əliyev Fondunun
işçiləri fəxr edirik ki, məhz Fondun təşəbbüsü ilə və birbaşa dəstəyi
ilə bir neçə il bundan əvvəl ölkəmiz bu müsabiqəyə qatıldı və cəmi 4
ildən sonra bizim istedadlı gənclər Nigar və Eldarın qələbəsi
nəticəsində bu mahnı bayramı ölkəmizə gəldi", - birinci xanım deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu "Eurovision-2012"nin rəsmi
tərəfdaşı olaraq bu müsabiqənin ölkəmizdə ən yüksək səviyyədə
keçirilməsi üçün bütün səylərini göstərir.
"Artıq bir neçə gündən sonra şəhərimiz müsabiqənin iştirakçılarını və
qonaqlarını salamlayacaqdır. Onların əksəriyyəti üçün yəqin ki, bu,
ölkəmizlə ilk tanışlıq olacaqdır. Mən çox istərdim və ümidvaram ki,
şəhərimizə gələn hər bir qonaq Bakının gözəlliyinə, qədim Bakının müasir
simasına, Bakının təkrarolunmaz ab-havasına vurulsun və ən əsası isə
insanlarımızın, Azərbaycan xalqının qonaqpərvərliyini hiss etsin. Mən
əminəm ki, Bakıda "Eurovision-2012" unudulmaz bir bayrama
çevriləcəkdir", - Mehriban Əliyeva bildirib.
Sonda birinci xanım qonaqları bir daha təbrik edib, onlara və onların yaxınlarına cansağlığı, xoşbəxtlik və məhəbbət arzulayıb.