Deyirlər
ki ağ gül güllərin ən gözəli, ən ətirlisimiş. Bahar fəsli onu nazənin
bir xanım kimi yuxudan oyadırmış. Bir gün ağgülün budağına xallı bir
kəpənək qonur. Hələ o vaxt ağgülün budaqlarında tikanlar yox imiş. Çünki
baharın tacı hər kəsə inanırmış. Kəpənək dilini işə salıb ağ gülün sadə
qəlbini ələ alır…. -
Mən ala kəpənəyəm bütün güllərin, çiçəklərin rəngi məndə olsa, özümü
xoşbəxt sanaram. Həmişə budağına qonub, ətrinə məst olub sənə sədaqetimi
bildirərəm. Səxavətini məndən əsirgəmə.
Ağgül ona inanır, ağ rəngindən kəpənəyə də pay verir. Məqsədinə
catdıqdan sonra kəpənək ağgülü unudur. Bir müddətdən sonra xırda bir arı
vızıldayıb onun tikansız budağına qonur. Arı da xallı kəpənək kimi
şirin dilini isə salır: -
Mənim yaşama ümidim bütün çiçəklərin, güllərin şirəsini dadmaqdır.
Əgər belə olmasa mən o saat ölərəm. Mənə rəhm elə qisa ömrümə qıyma,
şirəndən bir az mənə ver. Sənin bu yaxşılığını unutmaram. Həmişə
budağına qonub vızıldayaram – sədaqətimi bildirərəm.
Ağ gül arının da xətrinə dəymir onu razi yola salır. Ancaq işi düzələn
arı bir də geri dönmür. Xallı kəpənəyin və arının vəfasizlığı ağgülə
bərk təsir edir. Özünə söz verir ki birdaha heç kimə inanmayacaq , gözəl
budaqlarında tikanlar bitirəcək. O, dediyi kimi edir. Necə olursa şeyda
bülbül cəmənzarda ağgülə rast gəlir. Yaraşıqlı boylu – buxunlu , ətirli
və ağ çiçəklərini görən kimi şeyda bülbül ona bir könüldən min könülə
aşiq olur. Cağırır, ağgül başını qaldırmır. Budağına qonmaq istəyir,
tikanları yaxın buraxmır. Əlacsız qalan şeyda bülbül ağgülün başına
fırlanır və yanıqlı ürəyindən gələn məhəbbət mahnıları oxuyur. Xallı
kəpənəyın və arının vəfasızlığını görən ağgül şeyda bülbülün məhəbbətinə
və sədaqətinə inanmır.
Sevdalı bülbül özünü sevgilisinin qoynuna atır. Tikanlar onun eşq ilə
cirpınan qəlbini qana boyayır. Ağgül öz amansızlığından peşman olursa
da, artıq gec olur. Şeyda bülbülün məhəbbəti olan al qanı ağgülə hopur. O
vaxtdan çiçəkləri qırmızı rəngdə açılır, qızılgül olur. Ağ gülün başına gələn nə vaxtsa sizin də başınıza gəlibmi?