Allahın
varlığını isbat etməyə ehtiyac yoxdur. İmanlı insanlar Onun varlığını
hər zaman hər yerdə görürlər. Misal üçün, evdə elektrik lampası yanırsa,
bu, Allahın varlığına işarədir. Çünki Allah metallarda nizamlı quruluş
yaratmasaydı və bu quruluşun nəticəsi kimi metal elektronları nizamla
hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla
bərabər, ateistlərin varlığı da inkaredilməzdir. Onları Allah yoluna
dəvət etmək üçün elmi isbata ehtiyac duyulur. Biliyin
qiymətləndirilməsinin beş ballı xətti modelinə görə, qiymətləndirmə
şkalası (xətti) beş bərabər hissəyə bölünür və müvafiq rəqəmlərlə işarə
olunur. Hər öyrənci üçün bu xətti "bilir" və ya "bilmir" adlandırılan
iki hissəyə bölmək mümkündür. Məsələn, 4 qiyməti ilə təhsil alan tələbə
üçün "4" rəqəmindən aşağıdakı (və ya soldakı) hissə "bilir", yuxarıdakı
(və ya sağdakı) hissə "bilmir" adlanacaq. Bu hissələri uzunluğuna uyğun
olaraq L(bil) və L(bim) işarə edək. "Bilir" hissəsinin "bilmir"
hissəsinə nisbətini (yəni L(bil)/L(bim)) "K" hərfi ilə işarə edək və
bunu keyfiyyətin faktoru adlandıraq. Bu faktordan qiymətləndirmə
kriteriyası kimi istifadə edək. Sxemdən göründüyü kimi L(bil)-in
qiyməti "0" ilə "5" arasında dəyişir. Burada "5" qiyməti biliyin ən
yüksək (mütləq) səviyyəsidir. Əyrinin A nöqtəsinə uyğun gələn
mənimsəmə klassik "3" qiymətinə uyğun gələn mənimsəmədir. Bu nöqtə üçün
"bilir" hissəsinin uzunluğu 3, "bilmir" hissəsinin uzunluğu isə 2-dir
(5-3=2). Onda biliyin bu mənimsəməsinə uyğun gələn K faktorunun qiyməti
1,5 olar (K=L(bil)/L(bim)=3/2=1,5). B nöqtəsi üçün mənimsəmə 80
faizdir. Yəni mütəxəssis zəruri biliyin 80 faizini bilir, 20 faizini
bilmir. Klassik qiymətləndirmə sistemində bu səviyyə "4" qiymətinə
uyğundur. Bu nöqtə üçün "bilir" parçasının uzunluğu 4, "bilmir"
parçasının uzunluğu isə 1-dir (L(bil)-L(bim)=5-4=1). Bu halda B
nöqtəsinə uyğun gələn keyfiyyət faktoru 4-dür (K=4:1=4). Bu minvalla
asanlıqla hesablamaq olar ki, "K=19"a uyğun gələn "bilir" parçasının
L(bil)-in uzunluğu 4,75, "bilmir" parçasının uzunluğu isə 0,25 olar. Ali
təhsil ocaqlarında belə bilik nümayiş etdirən tələbələrə fərqlənmə
diplomu verilir. "Bilir" parçasının uzunluğu 4,9 olduğu halda,
"bilmir" parçasının uzunluğu 0,1 olar. Bu halda K-nin qiyməti 49-a
bərabər olar. hesab etmək olar ki, bu bilik səviyyəsi alimlik (elmlər
namizədi) səviyyəsinə uyğun gələn bilik səviyyəsidir. Eynilə
göstərmək olar ki, "K=4,95/0,05=99"a uyğun gələn "bilir" parçasının
uzunluğu 4,95, "bilmir" parçasının uzunluğu isə 0,05-dir. Yəqin ki, bu
səviyyə də elmlər doktoru və ya professor səviyyəsinə uyğun gələr.
Misallardan göründüyü kimi, keyfiyyət faktoru (K) artdıqca, "bilir"
parçasının uzunluğu artır, "bilmir" parçasının uzunluğu isə azalır.
Aydındır ki, dahi alimlər və fövqəlbəşər insanlar üçün K-nın qiyməti
qat-qat çox olur. Şübhəsiz ki, peyğəmbərlərin malik olduğu səviyyə,
fövqəlbəşər və ya dahi alimlərin səviyyələrindən də qat-qat, hətta
müqayisə olunmayacaq qədər yüksək olar. Bu deyilənlərdən bəşəri və
ictimai əhəmiyyəti çox böyük olan tarixi bir suala da cavab tapmaq
mümkündür. Yuxarıda qeyd edildiyi kimi, K faktoru L(bil)/L(bim) nisbəti
ilə müəyyən olunur. L(bil)-in qiyməti 5-ə yaxınlaşdıqca, kəsrin məxrəci,
yəni L(bim) 0-a doğru enir. Riyaziyyatdan məlumdur ki, kəsrin məxrəci
0-a yaxınlaşdıqca, onun qiyməti (K) sonsuzluğa uzanır. Bəs onda K-nin
sonsuz qiymətinə kim malikdir? Hansı zatın biliyində qüsur yoxdur?
Mütləq biliyə kim malikdir? Hər şeyi bilən, görən və eşidən kimdir? Şübhə etmədən söyləmək olar ki, bu mütləq bilik səviyyəsi Yaradanın, Cənabi Haqqın, Allahın malik olduğu bilik səviyyəsidir.
K faktorunun başqa bir cəhətini də qeyd etmək əhəmiyyətlidir. İnsan
övladı hər gün çoxsaylı qərarlar qəbul edir. Asanlıqla görmək olar ki, K
artdıqca qəbul olunan qərarların xətası da azalır. Bu nəticənin həm
fərd, həm də ictimaiyyət üçün əhəmiyyəti böyükdür. Bu haqda "Düşüncə
tərzi" kitabımın 228-ci səhifəsində yazılmış bir fikirdən istifadə
edərək, mövzuya nöqtə qoymaq olar: "İstanilən hadisə ilə bağlı qəbul
ediləcək qərarın xətası, həmin hadisə ilə bağlı toplanan
informasiyaların həcmindən asılıdır. Məlumat çox olarsa, xəta da az
olar. Bu fikri riyazi olaraq belə ifadə etmək mümkündür: qərarın xətası
məlumatın xətası ilə mütənasibdir. Mütləq düzgün qərar qəbul etmək
Cənabi haqqa məxsusdur. Peyğəmbərlər də min illərin sınağından çıxmış
düzgün qərarlar qəbul etmişlər. Fövqəlinsanlar da uzun zaman üçün doğru
olan qərarlar qəbul edə biliblər. Müdrik insanların qərarlarının xətası
az, cahil insanların qəbul etdikləri qərarların xətası çox olar". Allah bizi cahil insanların xətasından qorusun!