Şimaldan
- Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla
Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan
isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi
Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən
qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə -
tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o
cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Azərbaycan
adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən
başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət,
Azərbaycan şəklində işlənmişdir.
Azərbaycan
ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ
eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən
başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim
Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol
oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində
yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur
(Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx
qarşılıqlı əlaqələr vardı.
Eramızdan
əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində
Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena
və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər
Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində,
ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü
prosesində mühüm rol oynamışlar.
Eramızın
əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə
qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə
Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın
içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.
Eramızın
ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və
hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk
etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk
etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.
Eramızın
ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində
yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca
ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub
arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman
vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs
olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş -
təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş -
tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra
bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara,
torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında -
Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində,
xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və
gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.
VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.
IX
əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən
dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin
yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar,
Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.
Müstəqil
dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın
bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah
dövrü başlanırdı.
600
ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin
(Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki
hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas
təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid
dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
Ərəb
xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq
Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının
rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər,
Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular,
Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular,
Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam
sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin
bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta
Şərqin dövlətçilik tarixində dərin iz qoydular.
XV-XVIII
əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti
daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan
sülalələri tərəfindən idarə olunurdu.
Azərbaycanın
böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində
Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi
amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf
etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü
mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə
xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi
azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr
əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.
XV
əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün
tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi
görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı
işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz
hakimiyyəti altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.
Səfəvilərin
hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha
da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.
Şah
İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata
keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində
Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə
çevrildi.
Səfəvi
dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan
sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının
sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən
çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali
Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə
qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.
Nadir
şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta
uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və
müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.
Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə -
xanlıqlara və sultanlıqlara parçalandı.
XVIII
əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda
hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları
qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın
hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan
xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə
başladılar.
Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.
Gülüstan
(1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki
imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi
Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Rusiya
Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan
torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və
Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni
əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan
torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni
surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla,
Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bundan
əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu
erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın
qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və
erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin
azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün
bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı:
erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və
azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla
azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı
soyqırımları dövrü başlandı.
Şimali
Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə
nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik
hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli
soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini
yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali
Azərbaycanda Şərqdə ilk demokratik respublika --- Azərbaycan Xalq
Cümhuriyyəti yaradıldı.
Azərbaycan
xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam
dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır:
Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir.
Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və
44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan
Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin
idarə olun-masını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini
qəbul etmişdir.
Azərbaycan
Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı
dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay
davam etmişdir.
Parlamentin
1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması
haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli
universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında
çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti
süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən
müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament
iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27
may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət
göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur.
Parlamentin
müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a
yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi
şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul
olunurdu.
Cəmi
23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki,
ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının
azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə
qadir deyildir.
Sovet
Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti
süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son
qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan
Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan
olundu.
Beləliklə,
1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan
xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə
millətin say-seçmə adamları - Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli
dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri,
qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər,
məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş
surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı.
Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli
soyqırımı idi.
1921-ci
il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının
çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı.
Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.
Azərbaycan
xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun
sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi
mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi,
daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə
etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu
komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş
A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də
Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını
almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın
işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet
Rusiyasının əlinə keçdi.
30-cu
illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı.
Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli
Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid,
Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və
başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi.
Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu
dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.
1948-1953-cü
illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan
(Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının
yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha
da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.
Azərbaycan
xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara
baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı
illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə,
həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.
Respublikanın
düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik
baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər
Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə
Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə
çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata
keçirməyə başladı.
Böyük
siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin
müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən
vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları,
Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar
qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların
icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan,
gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə
bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək
tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək,
inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir
sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev
başlamışdı.
Heydər
Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün
bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan
ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı,
azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin
70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni
mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi.
Azərbaycan
dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə
başlanmışdır və bu gün də uğurla davam edir.
Tarix
boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş,
daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan
həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin
sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər
Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən
əraziləri işğal etmişlər.
1988-ci
ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları
və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi
uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin
Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də
onlara qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış
məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan,
fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və
silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi
daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında
Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi
birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə
birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq
hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında
respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış
hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha
da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet
hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq
ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım
Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu.
Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə
davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır
zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında
Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər
Əliyev hakimiyyətə gəldi.