Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Engelbert Hamperdink
müsabiqənin birinci yarımfinalını "Bakı Kristal Zalı"nın səhnə
arxasından izləyib.
Trend-in məlumatına görə, eurovision.az saytına müsahibə verən
Elgelbert Hamperdink möhtəşəm şoudan zövq aldığını və finaldakı çıxışı
ərəfəsində həyəcan keçirdiyini deyib. Bakını və paytaxt sakinlərini çox
sevən müğənni şəhərin gözəl görüntülərini fotokameraya da lentə alıb.
Hamperdink Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə
Babayevanın səsinə valeh olduğunu deyib. "Səbinənin güclü səsi var", -
Hamperdink əlavə edib.
Engelbert Hamperdinkin mahnıları ilə böyüyən Səbinə Babayeva bu gün
Britaniya təmsilçisi ilə görüşündə "Sizin mahnılarınızın laylası ilə
böyümüşəm. İndi isə sizi vətənimizdə görməkdən çox xoşbəxtəm. Nə yaxşı
ki, siz varsınız" deyib.
Səbinə Babayeva həmkarına maraqlı sürpriz də hazırlayıb. Hamperdinkin
hitlərindən birini ifa edən Azərbaycan təmsilçisi ona üzərində Böyük
Britaniya təmsilçisinin rəsmi olan köynəyi hədiyyə edib.