Rusiyanın Udmurt Respublikasının Azərbaycan İcması bu ölkənin
"Eurovision 2012"-dəki təmsilçisi "Buranovskiye babuşki"nin üzvlərinə
Azərbaycan dili üzrə ustad dərsləri təşkil edib.
eurovision.az saytı xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları
Konqresinin Udmurtiya üzrə regional bölməsinin icraçı direktoru Ceyhun
Babayev bəzi Azərbaycan və udmurt sözlərinin eyni kökə malik olduqlarını
və bu səbəbdən də nənələrə dilimizi asanlıqla öyrətdiklərini bildirib.
"Nənələr hər şeyi asanlıqla qavrayır və Azərbaycan sözlərini səlis tələffüz edirlər", - o deyib.
Hələlik nənələr "ana", "ata", "salam", "sağ olun" və "biz qalib
gələcəyik" kimi sözləri öyrənməyə müvəffəq olublar. Qrupun mətbuat
katibi Svetlana Sarıqinanın sözlərinə görə, nənələr Azərbaycan dilini
pərəstişkarlarla asanlıqla ünsiyyətdə olmaq üçün öyrənirlər.
Qeyd edək ki, Rusiyanı təmsil edəcək "Buranovskiye babuşki" mayın 22-də
keçiriləcək birinci yarımfinalda "Party for everybody" mahnısı ilə
çıxış edəcəklər.