ABŞ-ın Santa-Fe (Nyu-Meksiko ştatı) şəhərində ola bilsin ki, bütün dünyada ən kök pişik olan Myau ölüb. Trend Rusiya KİV-ə istinadən məlumat verir ki, 18 kiloqramlıq pişik mayın 5-də vəfat etsə də, bu barədə yalnız indi xəbər veriblər.
Son həftələr ərzində sığınacaqda yaşayan və cəmi iki yaşı olan Myau
ləqəbli pişiyin ölümünə səbəb piylənmə ilə əlaqədar ağciyər çatışmazlığı
olub. Pişiyin sığınacağa düşməsinə səbəb də elə onun həddindən artıq
piylənməsi olub. Yaşlı qadın olan əvvəlki sahibi ona qulluq etməkdən
imtina edib.
Sığınacaqda pişik üçün xüsusi pəhriz təyin edilib. Kurs başa çatandan
sonra kürən-ağ pişiyə yeni sahib tapılacağı ehtimal olunurdu.
Sığınacağın əməkdaşları artıq öyrəşdikləri pişiyin ölümündən çox
kədərləniblər. Axı Myau burada olduğu müddətdə bir sıra televiziya
şoularında iştirak etməklə bütün ölkədə məşhurlaşaraq əsl ulduza
çevrilmişdi.
Myaudan əvvəl isə dünyada ən kök pişik Himmi ləqəbli avstraliyalı
pişik hesab edilirdi. Onun çəkisi 21,3 kiloqram idi. Himmi 10 yaşında
ağciyər çatışmazlığından vəfat etmişdi. 2003-cü ildə isə dünyada ən kök
pişik beş yaşlı Katya hesab edilirdi. O, Rusiyada yaşayırdı və çəkisi 23
kiloqram idi.