Azərbaycan Dövlət Mahnı Teatrında müğənninin çoxdan bəri vəd etdiyi layihəsi baş tutub
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar artist,
bəstəkar-müğənni Elza Seyidcahanın çoxdan bəri vəd etdiyi "Dəmir"
layihəsi baş tutub. SİA-nın məlumatına görə, qeyri-adi konsertdə bir çox
maraqlı anlar yaşanıb. Söz verdiyi kimi əynində dəmir libasla səhnəyə
çıxan ekstravaqant müğənni heç bir kompleks keçirməyib.
Konsert başlayan kimi zalda əyləşən tamaşaçılar narazılıqlarını
bildirdilər. Buna səbəb isə mərasimdə iştirak edən operatorların səhnəyə
sözün əsl mənasında hücüm etməsi olub. Bir çox operatorlar kameralarını
əllərinı alıb, Elzanı çəkmək üçün səhnəyə çıxdıqları zamanı müğənnin
qarşısını kəsirdilər. Zalda əyləşən tamaşaçılar Seyidcahanı, deyil
kameramanları izləyirdilər. Nəzarətçilər də bunu görüb operatorlarlara
xəbərdarlıq etmək üçün səhnəyə çıxdılar. Nəticədə isə elə səhnədə kiçik
mübahisə yaşandı. Konsertin sonuna qədər davam edən problem tamaşaçıları
narahat etdi.
Ancaq narahatçılıq tək səhnədə deyil, zalda, tamaşaçıların arasında da
yaşandı. Belə ki, konserti izləmək üçün dəvət olunan sənətçilər birinci
sırada əyləşmişdi. Ancaq konsertə gecikən müğənni Elnur Məmmədov ayaq
üstə qaldı. Sonda lap kənarda yer tapıb əyləşən ifaçı konserti yarımçıq
tərk etdi.
Onu da vurğulayaq ki, konsertdə müğənni repertuarından ən məşhur
mahnıları səsləndirdi. Elza dahi Nizami Gəncəvi ilə Fizulinin əsərlərinə
də müraciət etdi.
"Dəmir” adlı konsertdə səhnəyə həmçinin bir çox məşhurlar da çıxdı. Ən
böyük alqış isə "Yenə o bağ olaydı” şeyirini səsləndirən Əminə Yusifqızı
üçün gəldi.
Müğənninin səhnədə qarşılaşdığı sürpriz isə tamaşaçılardan birinin ona
bahalı hədiyyə göndərməsi oldu. Belə ki, müğənni qızıldan öz imzasını və
üzük hədiyyə aldı. Hədiyyələrin qızıldan olduğunu görən müğənni
təəccübünü gizlədə bilmədi.