May və iyun aylarında göy üzü bir-birindən maraqlı hadisəyə şahid
olacaq. Astronomların bildirdiklərinə görə, mayın 20-də Günəş tutulması,
iyunun 5-də isə Venera da daxil olmaqla mikro-Günəş tutulması baş
verəcək. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
İlk tutulmanı Çindən Sakit okean boyunca Amerikanın qərbinədək
müşahidə etmək mümkün olacaq. Bu hadisənin orijinallığı Ayın Günəşin
qarşısını tam olaraq tutmayacağındadır. Ona görə də tutulmanı izləyənlər
səmada sanki alovdan olan bir üzük görəcəklər.
İyun ayındakı tutulma isə "Venera transiti" kimi də adlandırılır və
çox az təsadüf edilən səma hadisələrindəndir. Həqiqətən də növbəti
transiti görmək üçün 105 il, yəni 2117-ci ilədək gözləmək lazım gələcək.
Bu tutulmanı izləyənlər Günəşin önündən qara bir ləkənin keçdiyini
görəcəklər.
Məlumata görə, bu hadisə Asiya-Sakit okean regionundan daha yaxşı izlənəcək.