Yaxın illərdə insanların sayı 8 milyarda çatacaq, sonra isə azalmağa
başlayacaq. Trend-in məlumatına görə, məşhur ekoloq, Rusiya Elmlər
Akademiyasının müxbir üzvü Aleksey Yablokov belə hesab edir.
"BMT-nin əhalinin sayının böyük artımı ilə bağlı proqnozları
reallaşmır: bizim sayımız 11 milyard olmayacaq. Adamların sayı daha 20
il Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələri hesabına bir qədər
artacaq, daha sonra isə bu artım (artıq kəskin yavaşıyan) dayanacaq və
mənfi olacaq... Bizim sayımız səkkiz milyarddan çox olmayacaq, səkkizdən
sonra azalma başlayacaq və onun hansı səviyyədə dayanacağı isə bizim
ağlımızdan asılı olacaq", - Yablokov Rusiya KİV-ə müsahibəsində deyib.
Ekoloq alim proqnozlaşdırır ki, adamların sayının azalması həm
biosferin həyatı dəstəkləyən funksiyalarının zəifləməsi, həm də
insanların öz fəaliyyətlərindəki kimyəvi və radioaktiv tullantılardan
tədricən zəhərlənməsi hesabına baş verəcək.
"Genetik yük kəskin artacaq: insanlar sağ qalır, amma bütünlüklə
böyük sayda xırda mutasiyalarla. Əhalinin genlərinin cəmi kimi genetik
fond hələ ki kəskin böyüyən genetik yükə dözür. Lakin mutasiyaların yükü
getdikcə daha da ağırlaşacaq və o, bəşəriyyəti aşağı dartacaq:
xəstələrin sayı getdikcə çoxalacaq. Əslində, bu artıq baş verir. Artıq
yarış başlayıb. Hansı sürətlidir: sağlamlığın pisləşməsi (xərçənglər,
allergiya, uşaqsalma və s.), yoxsa müalicənin yaxşılaşması? Ola bilsin
ki, 50-70 ildən sonra belə olacaq: adamlar azalacaq, onların orta yaşama
müddətinin uzun olması və sağlam uşaq nadir xoşbəxtlik olacaq", -
agentliyin müsahibi əlavə edib.
BMT-nin məlumatına görə, 2011-ci il oktyabrın 31-də planetin əhalisi
yeddi milyard nəfərlik tarixi həddi keçib. Qurumun qiymətləndirmələrinə
görə, 2050-ci ilədək Yer kürəsinin əhalisinin sayı 9,3 milyard,
yüzilliyin sonuna kimi isə 10 milyardı ötəcək.