Keysəriyyə (epidural anesteziya) əməliyyatı ilə doğulan körpələrin
normal doğuşla dünyaya gələn körpələrlə müqayisədə artıq çəki ilə
üzləşmə riski iki dəfə çoxdur. Bu barədə Trend cümə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.
ABŞ-ın Massaçusets ştatındakı Boston Uşaq Xəstəxanasında aparılan
araşdırmaya görə, keysəriyyənin həzm sistemindəki bakteriyaların
yaranmasına təsir etməsi nəticəsində bu yolla doğulan körpələrdə
qidaların həzm müddəti dəyişir.
Araşdırmaya 1255 ana və körpələri cəlb edlib. Hamiləliyin 22-ci
həftəsindən əvvəl araşdırmada iştirak edən anaların 25 faizi körpələrini
keysəriyyə, digərləri isə normal doğuşla dünyaya gətiriblər.
Körpələrin doğuşdan sonra çəki və boy ölçüləri yoxlanılıb. Bu proses uşaqların 3 yaşı tamam olanadək davam edib.
Elm adamları bədən çəkisi, dəri qalınlığı və körpənin doğuş forması
arasında əlaqə olduğunu müəyyən ediblər. Araşdırma göstərib ki,
keysəriyyə yolu ilə doğulanların çəkisi normal doğuşla dünyaya gələn
körpələrlə müqayisədə daha çoxdur.