Qalmaqallı müğənni İndoneziya dini təşkilatlarının etirazı ilə üzləşib
Məşhur amerikalı müğənni Ledi Qaqanın müsəlman ölkəsi olan İndoneziyada
konsert verməsinə icazə verilməyib. Cakarta polisi ölkənin radikal dini
təşkilatları tərəfindən edilən etirazlardan sonra bu qərara gəlib.
Konsertin təşkilatçısı olan "Biq Dəddi" şirkətinin rəhbəri Maykl Rusli
Cakarta polisinin belə bəyanatını gülünc adlandırıb və konsertə əlavə
2000 biletin də çap edildiyini vurğulayıb.
Qeyd edək ki, epataj-müğənni sayılan Ledi Qaqanın İndoneziyada konserti
iyunun 3-nə planlaşdırılmışdı və 52 min bilet satışa çıxarılandan sonra 2
həftə ərzində tamamilə satılmışdı. Lakin ölkənin dini təşkilatlarının,
xüsusilə də "İslamı Müdafiə Cəbhəsi" təşkilatının nümayəndələri bəyan
ediblər ki, rüsvayçılığa və təxribatlara olan sevgisi ilə tanınan Ledi
Qaqa İndoneziya əhalisinin gənc təbəqəsinin düşüncələrinə mənfi təsir
göstərir və onun mahnılarında şeytana itaətə çağırış var.
Bundan başqa, "İslamı Müdafiə Cəbhəsi" təşkilatı Ledi Qaqanın İndoneziya
torpağına ayaq basmasının və konsertin keçirilməsinin qarşısını almaq
üçün 30 minə yaxın tərəfdarını başına yığmağa və lazım gələrsə, güc
tətbiq etməyə hazır olduğunu bəyan edib.