Alimlər gələcəkdə standart donor sistemini kökündən dəyişdirməyi arzu
edərək süni orqanların yaradılması yolunda çox böyük uğurlar əldə
etməkdə davam edirlər. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.
Bu istiqamətdə ən çətin vəzifələrdən biri işlək qan damarlarının əldə
olunmasıdır. Bu mövzuda elmi iş Vaşinqton Universitetindən İn Çjenə
məxsusdur. O, xüsusi geldən istifadə etməklə bu problemin öhdəsindən
gəlməyə nail olub. Həmin gelin sayəsində damarlar müəyyən formada
böyüyür və insanın hüceyrələrinə həqiqi damarlar kimi reaksiya verir.
İn həmkarları ilə birlikdə kollagen geldəki insanın endotelial
hüceyrələrini (qan damarlarını örtürlər) kiçik kanallara vurub.
Hüceyrələr kanallara yayılaraq içi boş, üçölçülü borular və ya
mikrodamarlar yaradıb.
Alimlər alınmış sistemə qan tökdükdə o mikrodamarlardan (hətta 90 dərəcə bucaq altında dirsəklərdə normal axır) rahat keçib.
Daha sonra iltihabla bağlı proteinlər əlavə edilir. Məlum olub ki,
həmin proteinlər mikrodamarlardakı qanı insan bədənindəki kimi
laxtalanmağa məcbur edir.
Alimlər geli damarların artımını stimullaşdıran proteinlərlə birlikdə
beyin hüceyrələrinə və əzələlərə yeridəndə mikrodamarlar çox gözəl
şaxələnir və toxumaların iki tipində birləşir. Buradan belə nəticə əldə
olunur ki, hematoensefalik baryer kimi mürəkkəb strukturların
yaradılması mümkündür.