Ailə olmadan xoşbəxt və varlı olmaq mümkün deyil. Ən azından
amerikalılar belə düşünürlər. "Gallup" təşkilatının apardığı sorğunun
nəticələrinə əsasən, ABŞ-da ailəli vətəndaşlar tənhalara və ya
boşanmışlara nisbətən öz həyatlarından daha çox razıdırlar. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.
Belə ki, sosioloqlar altı parametri nəzərdə tutan xoşbətlik indeksi
tərtib ediblər. Bunlar həyatdan razılıq, emosional vəziyyət, fiziki
sağlamlıq, iş şəraiti, sağlam həyat tərzi sürmək və baza tələbatlarından
(məsələn, tibbi yardım) istifadə imkanlarıdır. Hər bir sorğu
iştirakçısına onun cavabından asılı olaraq 1-dən 100-dək bal verilib.
Qeyd edək ki, xoşbəxtlik indeksi ABŞ-da 2008-ci ildən başlayaraq hər il
ölçülür.
Sorğuda yüz minlərlə adam iştirak edib. Nəticədə məlum olub ki,
ailəli amerikalılarda bu indeks 68-69 bal (ən aşağı göstərici 2009-cu
ildə qeydə alınıb və 68,7 bal olub) təşkil edib.
İkinci yeri tənha vətəndaşlar tutub. Onlarda indeks 64-dən 65 baladək
təşkil edib. Dul amerikalılar öz xoşbəxtliklərini 63-64 bal və mülki
nikahda olanlar isə 62-63 balla qiymətləndiriblər. Boşanmış və ayrılmış
cütlüklər isə özlərini daha pis hiss ediblər (müvafiq olaraq, 59-60 və
55-56 bal).
Tədqiqatçıların qeyd etdikləri kimi, sorğu zamanı ailəli
amerikalıların xoşbəxt olmaqla yanaşı, həm də başqalarından varlı
olduqları da məlum olub. Belə ki, 2011-ci ildə ailəli vətəndaşların 22
faizinin gəlirləri 90 min dolları ötüb. Halbuki bu, boşananlar arasında
cəmi 8 faiz təşkil edib.
Buradan nikahın xoşbəxtliyə və zənginliyə doğru birbaşa yol olması
barədə nəticə çıxarmaq olar. Lakin buna baxmayaraq, sosioloqlar bu
barədə yekun fikir söyləməyə tələsmirlər. İstisna olunmur ki, varlılar
və xoşbəxtlər sadəcə olaraq daha tez-tez evlənir və ərə gedirlər.
Həmçinin, həyatdan razılığa başqa amillər, məsələn, yaş və dini
mənsubiyyət də təsir göstərə bilər.