"Övlad naxələfdir" söyləyən ana
Necə məna verim bu şüarına?
Qanı qanındandır, canı canından,
Ulduz ayrı yanmaz asimanından.
Gəl xələl gətirmə ana adına,
Sən həyat vermisən öz övladına.
Bir az da məhəbbət versəydin əgər,
Dilinə gəlməzdi belə kəlmələr.
Elə məhəbbət ki, dönsün atəşə,
Övlad ürəyinə versin hərarət.
Elə məhəbbət ki, dönsün günəşə,
Xoşbəxtlik gətirsin, bir də səadət.
Yaratmaq asandır, yaşatmaq çətin,
Bu sözüm qoy sənə asan gəlməsin.
Elə övlad böyüt, illər keçsə də,
O, "ana" adını vüqarla çəksin!
Özgə bostanına daş atma ana,
Övlad ürəyini oynatma ana...
Özündə olanı vermisən ona,
"Naxələf" söyləmə yaratdığına.
Məndən inciməyin, əziz analar,
Bu bir həqiqət ki, belələri var...
"Naxələf" sözünü etməyin şüar,
Övlad aldığını geri qaytarar.