İsrailin Beyr-Şeba ravvin məhkəməsində gülünc boşanma prosesi başa
çatıb. Trend-in Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, ərin
müraciəti ilə baş tutan boşanma prosesinin başlıca səbəbi heyvanları
həddindən artıq sevən arvadı ilə yaşadığı dözülməz həyat olub.
Ərin sözlərinə görə, arvadının saxladığı 550 pişik, demək olar, bütün
evi doldurub. O hətta döşəməyə düşmək istəməyən onlarla pişiyə görə
yataq otağındakı çarpayısında belə yata bilmirmiş.
Ər, həmçinin pişiklərin ona vanna otağına keçməsinə mane olduğundan,
onlara görə yemək hazırlayıb yeyə bilmədiyindən də şikayətlənir. Masa
arxasına əyləşən kimi isə pişiklər qaçıb gələrək onun yeməyini
oğurlayırmışlar.
Ər-arvad ravvin məhkəməsindən barışıq imzalamaq haqqında təklif
alaraq boşanmadan qaçmaq istəsələr də, aralarındakı fikir ayrılığını
aradan qaldırmağa nail ola bilməyiblər. Belə ki, arvad sevimli
pişiklərindən ayrılmaqdan imtina edib.