Milli.Az-a daxil olan məlumata görə, tanınmış estrada müğənnisi Röya Ayxan hüquq-mühafizə orqanlarına yazılı məktub ünvanlayıb. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
"Son zamanlar keyfiyyətsiz versiyada özbaşına yayılan mahnılarımız bizi çox narahat edirdi. Nəhayət, komandamızın səyi və araşdırması nəticəsində məlum oldu ki, prodüserim Kənanın e-mail adresi hakerlər tərəfindən sındırılaraq mütəmadi olaraq oradan yeni mahnılarım, şəkillərim və şəxsi məlumatlarım oğurlanır. Ən acınacaqlısı da odur ki, bunu mənə qarşı edənlər özlərini fanat adlandıran şəxslər olub. Onlar bu şərəfsiz əməlləri ilə mənə külli miqdarda maddi və mənəvi zərər vurublar. Bu səbəbdən, mən də öz növbəmdə hakerlik etmiş bu "fanat”ların və onlara bu işdə kömək edən, bu işlərini ört-basdır edən digər şəxslərin də Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılmasını istəyəcəyəm. Qoy, qəddar sayılsa da etdiyim bu hərəkət hər kəsə dərs olsun. Adını "fanat” qoyub bu addan öz məqsədləri üçün istifadə edənlər heç bir cinayətin cəzasız qalmayacağını bilsinlər”.
|