Bir bəstəkar da yuxusuz qalacaq o gecə. Ürəyinin bəhrəsini – bəstəsini notlara köçürəcək. O da o nəğmədən xəbərsiz… …Səssiz-səmirsiz şeirlə nəğmə qovuşacaq və mənim nəğməm dünyaya gələcək… Müqəddəs nəğməm!!! …O nəğmə başdan-başa "mən” olacaq. Başqa bir mən. Mənim yaşanan-yaşanacaq ömrüm, keçilən-keçiləcək yolum, inamım-etibarım, sevgim, sevincim, səadətim, sədaqətim cəm olacaq o nəğmədə… …O nəğməylə arzuma-muradıma yetişəcəm. Muradım bağlı qapıları açacaq üzümə, açılan qapıdan bütün bəşəriyyətin nurlu simasını, təbəssümünü görəcəm. Dodaqlardan yalnız gülüş qopacaq onda. Yeni dünyamın sakinləri olacaq gülər üzlər. Könlüm öz amalını, aramını, dincliyini tapacaq o nəğmədə. O nəğməni təkcə mən duyacam, mən eşidəcəm. Bəzən quzu mələrtisi, bəzən ney iniltisi, körpə qığıltısı kimi… Amma yenə də şirin olacaq, qəm-kədər, hicran, həsrət, yalan, xəyanət, nisgil olmayacaq o nəğmədə…
O nəğmə bir fəsli yaşayacaq ancaq. Baharın nəfəsi yeni bir həyat göyərdəcək. Ağaclar çiçəkləyəcək, çaylar coşub-çağlayacaq, dağlardan şəlalə qəhqəhəsi eşidiləcək… O qəhqəhə bir nağıl söyləyəcək…dünənimi, bu günümü, sabahımı, imanımı, günahımı, savabımı… Taleyimi, bəxtimi qədərimi…o qədərin özündən əvvəl sorağı gələcək. Mən onu gözləyirəm. Bir körpənin doğulmasını gözləyən tək…intizarla, həyəcanla, şirin duyğular, dualar, göz yaşıyla… Şair: İnsan ilə arzunun arasında dayanan, Dağı dələ bilməmiş göz yaşları heç zaman - demişdi. Amma ilk dəfə mənim göz yaşlarım, yalnız mənim göz yaşlarım o dağı dələcək və o müqəddəs körpə doğulacaq… Adı da SEVİNC NƏĞMƏSİ!!
|