Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə
buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar növbəti dəfə məktəb
direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq edib. TQDK sədri Məleykə Abbaszadə
cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, ona bəzi
valideynlərin övladlarının təhsil aldıqları məktəb direktorları ilə
danışıqlar aparması barədə məlumatlar çatıb.
"Mənə məlumatlar
gəlib çatıb ki, valideynlər sığortalanmaq üçün məktəb direktorlarına
yaxınlaşıblar. Onlar da həmin valideynlərə vəd veriblər ki, narahat
olmayın, heç bir problem olmayacaq. Amma bir daha xəbərdarlıq edərək
bildirirəm ki, nə məktəb direktorları, nə də rayon təhsil şöbələrinin
rəsmi şəxsləri imtahan prosesinə müdaxilə edə biləcəklər", - Abbaszadə
bildirib.
O qeyd edib ki, məktəb direktorları və rayon təhsil
şöbələrinin müdirləri nə imtahanların keçirilməsində, nə də onların
nəticələrinin qiymətləndirilməsində iştirak edəcəklər və bu proseslərə
müdaxilə də edə bilməzlər.
Qeyd edək ki, sabahdan ölkə ərazisində buraxılış imtahanlarının keçirilməsinə başlanılır.