Bolqarıstanın Sozopole şəhərində arxeoloqlar bədənlərinə dəmir parçaları
sancılmış iki skelet aşkar ediblər. Bu barədə jurnalistlərə Milli Tarix
Muzeyinin direktoru Bojidar Dimitrov məlumat verib. Adamlar orta
əsrlərdə dəfn ediliblər.Həmin skeletlərin sahiblərinin insan qanı
içib-içmədikləri məlum olmasa da, bu tapıntı Bolqarıstanın bəzi
kəndlərində hələ ХХ əsrin birinci onilliyinə kimi tətbiq edilən
praktikadan xəbər verir. Bütpərəstlərin mövhumatına əsasən, sağlığında
pis adam hesab edilən şəxslərin ürəklərinə dəfn günü ağac və ya dəmir
çubuqlar sancırmışlar. Bundan başqa, ölülərin vampirə çevrilərək gecələr
dolaşmamaları üçün onların qəbirlərinə mismar çalırmışlar.
Dimitrov əlavə edib ki, bir çox illər ərzində ölkədə yüzlərlə sancaqlanmış bədənlər aşkar edilib.
Belə tapıntılara dünyanın başqa ölkələrində də rast gəlmək mümkündür.
Məsələn, 2011-ci ilin sentyabrında İrlandiyada arxeoloji qazıntılar
zamanı alimlər dəfn olunarkən ağızlarına iri qara daşlar pərçimlənmiş
iki skelet tapıblar. Skeletlərdən biri 40-60, digəri isə 20 yaşlı kişiyə
aid olub. Alimlər bildirirlər ki, keçmiş dövrlərdə adamları zombi kimi
öz məzarlarından qalxmamaları üçün belə dəfn edirmişlər.
Tapılan məzarlar ilkin orta əsrlərə, eramızın VIII əsrinə aid edilir.
Bu yaxınlarda İtaliyanın Venesiya şəhərində də XVI əsrə aid kütləvi
məzarlıqda ağzına daş parçası soxulmuş vəziyyətdə bir skelet aşkar
edilib. Florensiya Universitetinin alimi Matteo Borriniyə görə, Nuovo
Lazaretto adasında tapılan skelet şeytanı ovsunlama ayininin tətbiq
edildiyi bir "vampir"ə aid ola bilər.
Qeyd edək ki, vampirlər haqqında ən məşhur əfsanə Rumıniyadan olan
qraf Vlad Tsepeşlə bağlıdır. Əfsanəyə görə, o düşmənlərinin qanını
içməzdən əvvəl onları payaya keçirirdi. Tsepeş sonralar məşhur qraf
Drakulanın prototipinə çevrilir.
Bu arada, britaniyalı alimlər
filmlərdəki vampirlərə oxşar adamların əslində mövcud olduğunu
bildirirlər. Belə ki, jurnalistlər İngiltərədə nadir irsi xəstəliyə -
anadangəlmə ektoderamal hipohidrotik displazaya mübtəla olmuş iki oğlan
uşağı barədə məlumat veriblər. Bu uşaqların dişləri köpək dişləri kimi
kəskindir və onlar işığı sevmirlər.
Genetik nasazlığına görə belə diaqnoza malik insanlar sadəcə tərləyə
bilmədiklərinə görə onların bədəni özü temperaturu aşağı sala bilmir.
Günəş işığının uzun müddətli təsiri vaxtı isə dəri yanıqlarla örtülür.
Bütün dünyada belə diaqnoza malik cəmi 7 min insan var. Xəstələrin
hamısında dərinin inkişafında anomaliya, seyrək saçlar və dəridə
ləkələr, gözlərin altında tünd dairələr, eləcə də dişlərdə distrofiya
müşahidə olunur.